ARIQLAMAQ ASAN DEYİL, AMMA MÜMKÜNDÜR.. MƏNİM HEKAYƏM.

Hər şey nə ilə başladı? 

İlk öncə qeyd etməliyəm ki, mən heç vaxt arıq və zəif uşaq olmamışam. Həmişə sinifdə ən hündür (hətta oğlanlardan belə, oğlanlar məni yuxarı siniflərdə keçdilər 😀 ) və ən iri mən olmuşam.  Amma mənə baxıb gombul uşaq demək olmazdı. İri uşaq demək olardı. Ona görə də heç vaxt sinifdə belə bir ləqəbim və kilomla bağlı komplekslərim olmayıb.

Mənim xeyli kilo almağım məktəbin son illərinə təsadüf edir. O illərin şəkillərinə baxıb özümə kilolu deyə bilirəm. Məktəbi bitirəndə 80-84 kq civarlarında idim. Amma yenə də, kilom məni narahat etmirdi. Düşünürdüm 75 mənim ideal çəkimdir, 9 kilo arıqlasam bəsimdir. Lakin, maksimum 4-5 kilo arıqlayırdım, 79-80 kq olanda elə bilirdim artıq çöpə dönmüşəm və arxayınlaşıb dietanı pozurdum.

17-21 yaş aralığında 80-88 kilolarda dolaşdım. Ən son nöqtə 88 rəqəmini görmək oldu tərəzidə (o ərəfədə hormonal müalicə də alırdım, onun da verdiyi kilolar var idi).

Başladım ciddi və davamlı pəhriz tutmağa. 2011-ci ilin noyabrından 2012-ci ilin martına kimi 15 kilo ataraq – 73 kiloya düşdüm. Elə bilirdim ən ideal çəkimdir. Amma sonra Novruz bayramı gəldi və mən dietanı yenidən pozdum. Daha sonra 2013-ci ilə kimi 73-75 kilolarda fırlandım. 2013 aprel ayında toyumda 73-74 kilo idim.

Toydan sonra yenə bir az kökəldim, arıqladım, xəstələndim, düzəldim – 75-77 kq oldum.

Dönüş nöqtəsi 1.

2014-cü ilin Yanvar ayından Mart ayına kimi 69 kq düşməyə bacardım. Tərəzidə 60  rəqəmini xatırlamırdım nə vaxt görmüşdüm. Yəqin ki, məktəbin 8-9cu siniflərində. Amma yenidən Novruz bayramı mənlə pəhrizin arasına girdi və başqa ölkəyə səyahətim başladı. Bildiyiniz kimi də, səyahətdə pəhriz tutmaq alınmır. Xüsusən iştahlı insanlara.. 73-75 kq-a kimi kökəldim, arıqladım. Amma stabil saxlaya bilmədim çəkimi.

2015-ci ildə əməliyyat oldum, əməliyyatdan sonra da düzəlməyim uzun çəkdi (siz əlbəttə işin bu tərəfini bilmirsiniz) günlərlə, hətta aylarla hərəkətsiz həyat tərzi sürdüm. Bu aralarda əlbəttə pəhriz saxlamağa çalışırdım. Amma fiziki cəhətdən zəif olmaq, motivasiyanı aşağı salır, ruh düşkünlüyü yaradır.

2016. Dönüş nöqtəsi 2.

2016-ci ildə yenidən 80 rəqəmini tərəzidə gördüm, bu əlbəttə məni çox üzdü və yenidən başladım pəhrizə. Mart ayına kimi kilo atmalı idim, çünki Martda səyahətim var idi və səyahətdə də gözəl şəkillər üçün arıq olmalı idim! 😀 Əlbəttə bu işin zarafat tərəfidir, artıq özümü artıq kiloda rahat və əmin hiss etmədiyim üçün arıqlamaq istəyirdim. Lakin pəhriz heç cür alınmırdı. Tez-tez qırılırdım, həvəsdən düşürdüm, çəkim gec gedirdi və s.

2016 Novruz bayramında 75 kilo ilə Luxembourg-a, oradan da İtaliyaya kruiz səyahətinə getdim. Nələr yediyimi, necə və nə qədər yediyimi sizə deməyəcəm. 😀

Amma pəhrizin P-sı, az yeməyin A-sı belə yox idi həyatımda.

İtaliyadan qayıtdım Luxemburga və Luxemburgdakı son günlərimdə yediklərimə diqqət etməyə başladım.

Bakida 77 kilo ilə yenidən ciddi pəhrizə başladım. Deyəsən səyahətdə gözüm yeməkdən doymuşdu.

Bu dəfə özümü sıxmadım, hər həftə pəhrizi pozdum, yay ərzindəki səyahətlərimdə pəhrizi pozdum (amma limitli) və indi Noyabr ayındayıq mənim çəkim 61 kilodur.

Son olaraq..

Asan idimi? Xeyr. Pəhrizin ilk günlərindəki acından gecələr yata bilməmək, aclığın verdiyi əsəb, istədiyini yeyə bilməmə və s. bunlar hamısı stressdir.

Amma insan nəyə öyrəşmir ki?

Mən də öyrəşdim (tam olmasa da). Siz də öyrəşə bilərsiniz.

Son? 

Bu sondurmu? Xeyr. Artıq çəki ilə sınağım hələ də davam edir və edəcək. Çünki, mən kökəlməyə meylli, iştahlı biriyəm. Hər zaman iştahımı və yediklərimi idarə etməliyəm. Boş buraxsam ardı da gələcək.

Odur ki, düşünməyin Aysel arıqladı və asan danışır. Aysel hələ də arıqlayır və iştahını, yeməyini idarə etməyi öyrənməyə çalışır.

 

Ümid edirəm sizə kömək ola biləcəm pəhrizə başlamağınıza.

Bilin ki, pəhriz qısamüddətli bir yol deyil. Ömrü boyu gedəcəyimiz bir yoldur.

Hər hansı sualınız olsa çəkinmədən verin.

Hər kəsə öz seçdiyi yolda və pəhrizdə uğurlar.

Bu isə sizə motivasiya olsun deyə BEFORE/ AFTER şəkli. (2011 vs 2016)

 

15033929_929696760508157_1462902538_o

 

 

 

15045485_929696757174824_21192956_o

 

PS: Köhnə şəkillərimdən, kilolu olduğum vaxtlardan utanmıram. Siz də utanmayın. Hər şeyin bir səbəbi var, əsas məsələ problemi həll etməkdir. Bir də heç kəsi görünüşünə görə dəyərləndirməyin və heç kəsin səbəbin bilmədən qınamayın. Dilə asan gəlir arıqla demək, amma arıqlamaq asan olsaydı dünyada kilo problemli insan qalmazdı. Heç kəs məncə özünü narahat edən kiloları istəməz.  Anlayışlı olun, dünyanın işin bilmək olmur.

3 Comments

Leave a Reply