Artıq dekabr ayıdır, düzü gözümü yumub açan kimi il bitdi.
Dekabrda isə bayram əhval ruhiyyəsi pik nöqtədə olur, adam istəyir isti yorğana bürünüb, əlinə də isti içkisini alsın və yeni il filmlərini izləsin.
Məndə şəxsən belə olur. Bayram ərəfəsində izləməyi sevdiyim filmlərin siyahısını təqdim edirəm sizə, məncə sizdə də xoş təəssürat oyadacaq.
1.Bridget Jone`s Diary.
Bu filmi həm də ona görə sevirəm ki, baş qəhrəman hər birimiz kimi ideallıqdan uzaq olan, qüsurları, kompleksləri olan bir qadındır. Real həyatda da belədir, hər istədiyimiz həmin an alınmır, məyusluqlar yaşayırıq, Həm də bu filmdəki kimi sevgi hekayələrini həmişə daha çox sevmişəm. Romantikadan uzaq, reallıqlar dolu 🙂
2.Stepmom
Bu filmin bayramla elə də əlaqəsi yoxdur və bəlkə də yüksək əhval ruhiyyə yaratmayacaq. Amma məncə bu filmdən öyrəniləsi çox məqam var. Səbr, anlayış, barışıq olmaq..
3.How The Grinch Stole Christmas
Bu film isə məktəb illərimə təsadüf edir. O zamanlar hələ azərbaycan dilli dublyaj yox idi və bir çox filmləri rus dilində, keyfiyyətli dublyajla sərbəst şəkildə yerli kanallardan izləyə bilirdik. Qrinç də bu filmlərdəndir ki, oturub maraqla izləyirdim, yəqin uşaqlığı xatırlatdığı üçün də, indi də maraqla oturub izləyirəm.
4.Serendipity.
Bu film isə əsl nağıldır. Çox romantik, incə bir filmdir. Filmə incə demək nə dərəcə doğrudur bilmirəm, amma başqa tərif yaraşdıra bilmədim. Bəzən xəyallarımızda yaratdığımız təsadüflər bu filmdə reallaşır. Əsl bayram qabağı baxılası bir filmdir.
5.Home Alone.
Bunu isə bilməyən yoxdur. Biz Kevinlə böyüyən nəsilik. Özü də bir film necə bezdirməyə bilər insanı? Hər dəfə tv-də veriləndə həvəslə oturub baxdığım filmdir.
6.While You Were Sleeping.
Bu filmi baxmayan hər kəsə məsləhət görürəm, indi trailerinə yenidən baxdım və yenidən bu filmə baxmaq istədim. Qeyri-adi mövzusu olan romantik komediyadır. Kiçik bir anlaşılmazlıq böyük bir yalana çevrilir və hər şey də elə bunda başlayır. Bir də bu filmlə başa düşmək olur ki, həyatda nə olursa sənin istədiyini yaşamağın üçün dönüb-fırlanır bütün hadisələr. Əla filmdir, mütləq baxın 🙂
7.Slepless in Seattle
Yəqin bu filmə də baxmayan yoxdur, amma hər zaman sonluğunu bildiyin halda təkrar-təkrar baxmaq istəyirsən. Çünki, bu filmdə təsadüf ya da böyük inam nəticəsində insanın layiq olduğu sevginin reallaşması var. Pozitiv bir filmdir, insanın yaxşı sonluqlara inamını artırır.
8.Ирония судьбы, или С легким паром.
Rus filmlərini (bizim nəsilə ən doğma olan filmləri) əlbəttə unutmuruq. Çünki, yaxın keçmişdə bu filmləri izləmədən bayram evimizə girməzdi 😀 Yerli kanallarımız da bu filmləri hər bayram verirdi, indi artıq səhv etmirəmsə vermirlər. Hələ bir ara dublyajla verməyə başladılar, sonra yəqin gördülər kütləvi arıqlama gedir insanlarda bunu kəsdilər. Amma rus kanalları bu filmləri hələ də hər bayram verir və yeni il ərəfəsində mütləq televizorda bu filmlər izlənir ailəmiz tərəfindən.
9. Sweet November.
Filmin adında Noyabr-ın olmağına baxmayın. Çox təsirli, romantik bir filmdir. Sonluğu ya sizi ağladacaq, ya da bəzi şeyləri daha aydın görmənizə səbəb olacaq. Həyat belədir, heç nə ideal və sonsuz deyil. Təkrarən baxılmağa dəyən romantik filmdir. Əlinizin altına yaylıq qoymağı unutmayın <3
10. Noel.
Əslində bu filmə baxmamışam. İlk dəfə baxacam və traileri çox maraqlı gəldi mənə. Ona görə sizə də məsləhət görürəm =) Filmə baxdıqdan sonra İnstagramda bir şəklin altına yığışıb bu filmi müzakirə edərik! Həm Susan Sarandon, Penelope Cruze, Paul Walker ( :'( ) olan bir film pis ola bilər? Məncə yox. Amma izləyək baxaq! 🙂
Bu qədər. Ümid edirəm məsləhət gördüyüm filmləri izləməmisinizsə izləyəcəksiniz, izləmisinizsə xatırlamış olacaqsınız və yenidən izləmək istəyəcəksiniz.
Əgər hər hansı probleminiz varsa və heç bayram əhval ruhiyyəsi hiss etmirsinizsə, unutmayın, əhvalı yaratmaq öz əlinizdədir.
Sevgi ilə qalın! <3